Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərin mətni bazar günü rəsmi mətbuatda dərc edilib.
Dəyişikliklərə əsasən, hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir.
Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.
Bundan başqa, İ.Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Qanunun 38.3.9-cu maddəsinə edilən dəyişikliklərə əsasən, vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb edə bilər. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.