Nazirlər Kabinetinin qərarı ilə məktəblərdə, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, təcrübə göstərir ki, ümumtəhsil məktəblərdə fənlər üzrə həftəlik dərs yükünün 24 saat tələbi gözlənilməklə bölüşdürülməsi nəticəsində əksər hallarda bir stavkayadək dərs yükü vakant qalırdı. Həmin dərs yükünün bir hissəsi əvəzi ödənilmədən fənn müəllimləri tərəfindən tədris edilirdi ki, bu da onların haqlı narazılığına səbəb olurdu. Bir stavkayadək vakant dərs yükünə müəllimlərin işə qəbulu isə məktəblərdə müəllim sıxlığının yaranmasına, müəllim-şagird nisbətinin aşağı düşməsinə gətirib çıxarırdı.
Qeyd edək ki, bir stavka (həftədə 12 saat) dərs yükünə görə ali təhsilli müəllim, stajından asılı olaraq, minimum 155 manat (10-cu ixtisas dərəcəsi ilə) maksimum 207 manat (15-ci ixtisas dərəcəsi ilə) əmək haqqı alır.