2013-cü il həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsi üçün mühüm il olub. Bu barədə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“Qeyd etmək lazımdır ki, BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib, Ermənistan hakimiyyətindən işğal altında olan Azərbaycan torpaqlarını boşaltmaq tələb olunub. Artıq 9 ölkə – Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Peru və Panamanın parlamentləri Xocalı soyqırımını tanıyıblar. ABŞ-ın 13 ştatının qanunverici orqanları Xocalı qətliamını müasir dövrün ən dəhşətli faciələrindən biri, soyqırımı kimi tanıyan sənədlər qəbul ediblər”, - deyə o bildirib.
Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti ilə bir daha təsdiq edib ki, qlobal təhlükəsizliyə, sabitliyə, dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək iqtidarındadır və bu işdə əlindən gələni edir”, - deyə şöbə müdiri vurğulayıb.
Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, qurumun rəhbər orqanları, digər beynəlxalq təsisatlarla sıx işbirliyi və əməkdaşlıq münasibətlərini inkişaf etdirib. BMT Təhlükəsizlik Şurası həm də Azərbaycan üçün öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllini diqqətdə saxlamaq üçün bir vasitə olub.
Ə.Həsənov qeyd edib ki, 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti möhkəmlənib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə dövlət dəstəyi gücləndirilib.