İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ildə iqtisadi tədqiqatlar üzrə layihələrin maliyyələşdirilməsi istiqamətində nazirlik, idarə və təşkilatlardan təkliflərin qəbulu üçün müsabiqə elan edib. Bu barədə nazirliyin elanında deyilir.
Layihələrin seçilməsi üç istiqamətdə həyata keçiriləcək: orta və uzunmüddətli layihələrin və normativ sənədlərin hazırlanması; tövsiyələrin təhlili və hazırlanması; kompüter-texniki bazanın yaradılması.
Orta və qısamüddətli layihələrin və normativ sənədlərin hazırlanması iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması, iqtisadiyyatda idarəetmə strukturunun təkmilləşdirilməsi, sənayedə struktur dəyişikliklərinin aparılması, investisiya proseslərinin fəallaşdırılması, yanacaq-energetika kompleksinin inkişafı, təbii inhisar fəaliyyətinin tənzimlənməsi, regional inkişaf və məskunlaşma, məşğulluq probleminin həll edilməsi, aqrar-sənaye kompleksinin inkişafı üzrə layihələrlə bağlı olmalıdır.
Bundan başqa, bu istiqamətdə layihələr ixrac strukturunun təkmilləşdirilməsi və istehlak bazarının tənzimlənməsi, maliyyə-bank, vergi və gömrük sisteminin təkmilləşdirilməsi, sosial sahədə islahatların aparılmasına (əməyin ödənilməsi, pensiya təminatı və şəxsi sığorta, mənzil-kommunal təsərrüfatı sistemində), təsəsrrüfat fəaliyyətinin ətraf mühitə mənfi təsirinə yol verməməsi nəzərə alınmaqla təbii resurslardan daha səmərəli istifadə edilməsinə yönəldilə bilər.
Tövsiyələrin təhlili və hazırlanması üzrə layihələr sosial-iqtisadi inkişafın qiymətləndirilməsi və müvafiq tövsiyələrin hazırlanması; infrastrukturun ayrı-ayrı sahələrinin təhlili və tövsiyələrin hazırlanmasını əhatə etməlidir.
Bundan başqa, bu, bank sistemi fəaliyyətinin, pul tədavülünün və valyuta bazarının təhlili, iqtisadiyyata investisiya qoyuluşu prosesinin, özəlləşdirmə proqramının reallaşdırılması gedişinin və yekunlarının təhlili, xarici iqtisadi əlaqələrin inkişafı, istehlak bazarının formalaşdırılması üzrə işlər də ola bilər. Bu istiqamətdə bütün tədqiqat işləri təhlilin nəticələrini və vəziyyətin yaxşılaşdırılmasına dair tövsiyələri əks etdirməlidir.
Kompüter-texniki bazanın yaradılması üzrə layihələr lazımi avadanlığın alınması və quraşdırılması, informasiya təminatı sisteminin abonent mərkəzinin yaradılması, məlumat bazasının yaradılması, müxtəlif proqram təminatlarının işlənməsi ilə əlaqədar olmalıdır.
Şərtlərə görə, bir layihənin dəyəri 50 min manatdan çox olmamalı və 2014-cü ilin dekabr ayından gec olmayaraq həyata keçirilməlidir.
Bu layihə və araşdırmaların maliyyələşdirilməsi 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.
Müsabiqə üzrə təkliflər 2014-cü il yanvarın 24-nə qədər qəbul ediləcək.