"Bahar Energy Operating Company Ltd” (BEOC) əməliyyat şirkəti 2014-cü il üçün 147 əməkdaşla əmək müqaviləsinin müddətini uzatmır. Bu barədə şirkətin məlumatında bildirilir.
“Bu qərar müasir avadanlıq, avtomatlaşdırma və insan amilinin effektivliyi (şirkət üçün – İF-Az) və zəruriliyinin ətraflı təhlilindən sonra qəbul olunub”, - deyə məlumatda qeyd edilir.
Şirkət əmək müqavilələri uzadılmayacaq əməkdaşlara orta aylıq maaşın altı misli məbləğində kompensasiya ödəyəcək.
Xəbər verildiyi kimi, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) və “Bahar Energy limited” 2009-cu il dekabrın 22-də “Bahar” və “Qum-dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar. Müqaviləyə əsasən, “Bahar Energy limited” şirkətinin layihədə payı 80%, SOCAR-ın isə 20% təşkil edir.
Müqavilə 25 il müddətinə nəzərdə tutulub və daha 5 il uzadılması mümkündür. İlkin olaraq investisiya proqramı $1 mlrd. həcmində dəyərləndirilib. İnvestisiya qoyuluşları “Bahar Energy limited” tərəfindən həyata keçiriləcək.
Müqavilə blokunda qalıq neft ehtiyatları 25 mlrd. kubmetr təşkil edir.
“Qum-dəniz” neft yatağı Bakıdan 21 km cənub-şərqdə yerləşir. Yataq 1955-ci ildə istismara verilib.
“Bahar” qaz yatağı 1969-cu ildə istismara verilib.