Türkiyə hökuməti 350-yə yaxın polis əməkdaşının işdən azad edilməsi barədə sərəncam verib. Bu barədə çərşənbə axşamı Britaniyanın BBC teleradio korporasiyası məlumat verir.
İşdən azad edilmiş bütün polis əməkdaşları ölkənin paytaxtı Ankara şəhərində işləyirdi. Onlar ötən ilin dekabr ayında baş qaldırmış korrupsiya qalmaqalı ilə əlaqədar olaraq işdən azad ediliblər.
Xəbər verildiyi kimi, ötən ay Türkiyədə antikorrupsiya reydləri çərçivəsində 50 nəfərdən çox adam, o cümlədən üç nazirin övladları və bir neçə iş adamı saxlanılıb.
Baş verənlərdən az sonra İstanbulda ən azı 16 və Ankarada 18 yüksək vəzifəli polis məmuru tutduqları vəzifələrdən azad ediliblər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu əməkdaşlar vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə istefaya göndəriliblər. Baş nazir analoji tədbirlərin digər şəhərlərdə də görülməsi mümkünlüyünü bildirərək polisin antikorrupsiya reydlərinin mart ayında keçiriləcək seçkilər ərəfəsində onun hökumətinə qarşı böhtan kampaniyası xarakteri daşıdığını qeyd edib.