Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Şəmkir Sərhəd Dəstəsinin yeni inşa olunmuş qarnizonun inzibati binasının açılışında iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu çərşənbə axşamı məlumat verib.
“Son illər ərzində dövlət sərhədinin qorunması üçün ən müasir avadanlıqlar alınıb. Bu, bizim peşəkar imkanlarımızı artırır. Həmin ərazilər cəbhə xətti yaxınlığında yerləşir. Bununla əlaqədar bu cür modernləşmə işlərinin həyata keçirilməsi vacibdir”, - deyə E.Quliyev jurnalistlərə bildirib.
Yeni qarnizona 22 bina və yaşayış şəhərciyindən ibarət kompleks daxildir. Burada həmçinin qərargahın ikimərtəbəli binası, beşmərtəbəli yataqxana, 40 çarpayılıq tibb məntəqəsi, əsgər yeməkxanası və idman zalı yerləşir.