Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yanvar ayının ikinci yarısında Parisdə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparacaqlar. Bu barədə Ermənistan XİN başçısı Edvard Nalbandyan bəyan edib.
Çərşənbə günü Ermənistan XİN-in mətbuat xidmətindən “İnterfaks” agentliyinə verilən məlumata görə, Perunun Xarici İşlər Nazirliyində çıxış edən E.Nalbandyan bildirib ki, Ermənistan vasitəçi ölkələrlə birgə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş prosesi davam etdirəcək.
“E.Nalbandyan qeyd edib ki, yanvar ayının ikinci yarısında Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir.