“DəmirBank” Alman İnvestisiya və İnkişaf Şirkətindən (DEG) $12 mln. məbləğində subordinasiya krediti cəlb edib. Bu barədə bankın məlumatında deyilir.
Kredit 10 il müddətinə cəlb olunub.
“Kreditin məqsədi ikinci dərəcəli kapitalın artımıdır və “DəmirBank” bu məbləği kiçik və orta biznesin kreditləşməsinə yönəldəcək”, - deyə məlumatda qeyd olunur.
Bu müqavilə “DəmirBank” ilə DEG arasında olan 4-cü razılaşmadır. Tərəflər 2007-ci ildən əməkdaşlıq edir və ümumilikdə qurum tərəfindən $21 mln. məbləğində vəsait cəlb olunub.
“DəmirBank” (əvvəllər “Azərdəmiryolbank”) 1989-cu ildə yaradılıb və respublikanın ən iri özəl banklarından biridir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxsdir. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO, 10%) var.