2014-cü il yanvarın 1-nə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 mln. 691,357 min nəfərə catıb ki, bu da 2013-cü ilin əvvəlinə olan göstəricidən 15,8% çoxdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında deyilir.
“2013-cü ildə 425,283 min nəfər üçün fərdi hesab açılıb”, - deyə məlumatda bildirilir.
DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,7%-i kişi, 41,3%-i qadındır.
Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,7%-ni 30 yaşa kimi vətəndaşlar, 24,1%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 22,1%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 21,4%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 10,7%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixindən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.