Prezident İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan edib.
Nazirlər Kabinetinin cümə axşamı keçirilən 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında İ.Əliyev hökumətə bir sıra tapşırıqlar verib.
O, 2014-cü ildə makroiqtisadi sabitliyin qorunmasının, iqtisadi islahatların və sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsinin, inflyasiyanın səviyyəsinin sabit saxlanılmasının, investisiya proqramlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
İ.Əliyev meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, iri fermer təsərrüfatlarının yaradılması və kənd təsərrüfatı üçün yeni texniki vasitələrin alınması üçün vəsait ayrılmasının zəruriliyini də nəzərə çatdırıb. Onun fikrincə, bu tədbirlər əsas ərzaq mallarına olan tələbatı daxili istehsal hesabına ödəməyə kömək edəcək.
Bundan başqa, prezident ölkə əhalisinin təbii qazla davamlı təchizatı, içməli su və kanalizasiya, həmçinin kənd yollarının inşası layihələrinin icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.