2013-cü ildə Azərbaycanın dövlət büdcəsinin profisiti 382 mln. manat və ya ÜDM-in 0,67%-ni təşkil edib.
“Operativ məlumata əsasən, 2013-cü ildə dövlət büdcəsinin mədaxili 19 mlrd. 494 mln. manat, xərcləri 19 mlrd. 112 mln. manat təşkil edib”, - deyə maliyyə naziri Samir Şərifov cümə axşamı Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
S.Şərifovun çıxışının mətni cümə günü rəsmi mətbuatda dərc olunub.
Nazirin sözlərinə görə, 2013-cü ildə mədaxil üzrə plan 101,8%, xərclər üzrə 96,3% yerinə yetirilib. Ötən il büdcə gəlirləri 2012-ci illə müqayisədə 12,8%, xərcləri 9,7% artıb.
S.Şərifov vurğulayıb ki, gəlirlərin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 mlrd. 664 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1 mlrd. 383 mln. manat təşkil edib.
Qalan gəlirlər Dövlət Neft Fondundan transfertlər və digər daxilolmaların payına düşüb.
Xərclərin strukturunda 6 mlrd. 239 mln. manat və ya bütün xərclərin 32,6%-ni sosial təyinatlı xərclər təşkil edib. 2012-ci illə müqayisədə bu məqsədlər üçün xərclərin həcmi 10,6% artıb.
Nazir əlavə edib ki, 2013-cü ildə müdafiə təyinatlı büdcə xərclərinin həcmi 2 mlrd. 867 mln. manat və ya dövlət büdcəsinin faktiki xərclərinin 15%-ni təşkil edib.
Azərbaycanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 159 mln. manat, xərcləri 19 mlrd. 850 mln. manat məbləğində təsdiq edilmiş, kəsiri 691 mln. manat və ya ÜDM-in 1,2%-i səviyyəsində proqnozlaşdırılmışdı.