SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Darvin bankası” yatağında üç yeni quyunun qazmasına başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Yataqdakı 670 nömrəli meydançadan Qirməki Lay Dəstəsinə qazılan 672 nömrəli quyunun layihə dərinliyi 1520 metr, 620 nömrəli meydançadan Qirməki Lay Dəstəsinə qazılan 693 nömrəli quyunun layihə dərinliyi 1320 metr, 720 nömrəli meydançadan Qirməki Altı Lay Dəstəsinə qazılan 835 nömrəli quyunun layihə dərinliyi isə 1475 metrdir.
Geoloqların hesablamalarına görə, quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcək.
Quyular SOCAR-ın “Abşeronneft” NQÇİ-nin sifarişi ilə qazılır.
“Darvin bankası” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənilir. Yatağın qalıq neft ehtiyatları 3 mln. ton təşkil edir.