“Alfa Sığorta” şirkəti dünyanın ən iri təkrarsığorta şirkətlərindən biri olan "Gen Re" (General Reinsurance AG) təkrar sığorta şirkəti ilə risklərin təkrar sığortası haqqında obliqator müqaviləsi bağlayıb. Bu barədə sığorta şirkətinin məlumatında qeyd edilir.
İnkişaf strategiyasının müddəalarını həyata keçirən, təkrarsığorta müdafiəsinin keyfiyyətinin yüksəldilməsi çərçivəsində anderraytinq işini təkmilləşdirən şirkət rəhbərliyi A sinfindən olan təkrarsığortaçılarla tərəfdaşlıq münasibətlərinin qurulmasına böyük önəm verir. Bununla əlaqədar “Gen Re” şirkəti ilə risklərin təkrar sığortası haqqında obliqator müqaviləsi bağlanılıb”, - deyə məlumatda bildirilir.
“Gen Re” “Berkshire Hathaway” şirkətlər qrupuna daxildir və kapitalı 14 mlrd. dollara bərabərdir.
“Alfa Sığorta” gələcəkdə də təkrarsığorta müdafiəsini təkmilləşdirmək niyyətindədir”,- deyə məlumatda qeyd olunur.
“Alfa Sığorta” 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı "Bank Technique” ASC-dir. Nizamnamə kapitalı 7,78 mln. manata bərabərdir. “Alfa Sığorta” 35-dən çox icbari və könüllü sığorta növü üzrə xidmətlər təqdim edir.
2013-cü ilin yanvar-noyabr aylarında “Alfa Sığorta” şirkəti 5 mln. 163,326 min manat sığorta haqqı əldə edib, 1 mln. 238,703 min manat məbləğində ödəniş həyata keçirib.