Amerikanın “ShoreCap II Ltd." İnvestisiya Fondu 10% payla “TuranBank”ın səhmdarı olub. Bu barədə bankın məlumatında deyilir.
““TuranBank”ın 2012-2015-ci illər üzrə Strateji Planının əsas hədəflərindən biri banka xarici investisiya kapitalının cəlb olunması idi. Bu istiqamətdə bir neçə beynəlxalq şirkətlə aparılan danışıqların nəticəsi olaraq, aktivlərin idarə edilməsi sahəsində ABŞ-da fəaliyyət göstərən “Equator Capital Partners LLC” şirkəti tərəfindən idarə olunan “ShoreCap II Ltd.” İnvestisiya Fondu ötən ilin sonunda “TuranBank”ın Bakı Fond Birjasında yerləşdirdiyi 4 milyon 154 manat dəyərində 3697 ədəd adi, adlı, sənədsiz səhmlərinin 3028 ədədini əldə edərək bankın səhmdarları sırasına qatılıb”, - deyə məlumatda bildirilir.
“ShoreCap II Ltd.” İnvestisiya Fondunun əsas fəaliyyət istiqaməti Asiya və Afrika qitələrində inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən banklara, mikromaliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır.
Səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 10% - 44 mln. 154 manata qədər artıb.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Təsisçiləri 26 hüquqi və fiziki şəxsdir.