Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycan ərazisində 16 müasir heyvandarlıq kompleksinin tikintisinə kredit vəsaitləri ayırıb.
Sənaye və İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunur ki, cümə günü SKMF-in təşkilatçılığı ilə Biləsuvar rayonunda "Biləsuvar-Aqro" MMC-də regionlarda istehsalçı ilə emalçı arasında kooperasiya əlaqələrinin yaradılmasının təşviq edilməsi, fermerlərin dövlətin güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməklə ailə təsərrüfatlarının yaradılmasının stimullaşdırılması məqsədilə tədbir keçirilib. Tədbirdə 80-dən çox fermer iştirak edib.
“Son illər ərzində SKMF-in vəsaitləri hesabına 16 müasir heyvandarlıq kompleksi maliyyələşdirilib. Artıq 13450 başlıq 11 heyvandarlıq kompleksi fəaliyyətə başlayıb. Bu komplekslər ildə 69 min ton süd, 1,7 min ton ət istehsal etmək gücünə malikdirlər”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
Onun sözlərinə görə, 2013-cü ildə 4468 sahibkarlıq subyektinə 275 mln. manat güzəştli kredit verilib ki, bu da 12 mindən çox yeni iş yerinin açılmasına imkan verib.
Ş.Abdullayev əlavə edib ki, regionlarda istehsalçı ilə emalçı arasında kooperasiya əlaqələrinin yaradılmasının təşviq edilməsi istiqamətində tədbirlər 2014-cü il ərzində digər regionlarda da davam etdiriləcək.