Filippinin Mindanao adasında yerləşən Kotabato vilayətinin Arakan şəhərindəki elmi-texniki kollecdə əldə düzəldilmiş partlayıcı qurğunun partlaması nəticəsində ən azı 24 nəfər yaralanıb. Bu barədə Amerikanın “Fox News” telekanalı məlumat verir.
KİV-lərin məlumatına görə, partlayışdan qabaq kollecin ərazisində mühafizəçilərin olduğu binalardan birində yanğın törədilib.
“Alovla mübarizə aparmaq üçün yanğınsöndürənlər, müəllim və tələbələr yanğın olan əraziyə yığışarkən partlayış olub və ətrafdakılar yaralanıb”, - deyə yerli polis nümayəndəsi bildirib.
O əlavə edib ki, 17 nəfərin vəziyyəti çox ağırdır.
Hazırda araşdırma aparılır, polis hücumun motivini aydınlaşdırmağa çalışır.
Partlayışa görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.
KİV-lərin məlumatına əsasən, Mindanao adasında üsyançı islamçılar hakimiyyətə qarşı mübarizə aparırlar.
Mindanao adasında müxtəlif solçu təşkilatlar da fəaliyyət göstərir, lakin hələ ki, polisin əlində onların terror aktında iştirak edib-etməmələri barədə məlumat yoxdur.