2013-cü ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı sığorta hadisələri ən çox bazar ertəsi baş verib. Bu barədə İcbari Sığorta Bürosunun (İSB) saytında dərc
edilmiş məlumatda qeyd edilir.
Ötən il ölkədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 16,8 min sığorta hadisəsi qeydə alınıb. Hadisələrin 5,128 mini (30,5%) qeyri-iş günlərinə, 11,672 mini (69,5%) isə iş günlərinə təsadüf edib.
İSB-nin statistikasına əsasən, sığorta hadisələri daha çox bazar ertəsi günü baş verib. Ötən ilin bazar ertəsi günlərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2 538 sığorta hadisəsi qeydə alınıb.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı sığorta hadisələri çərşənbə günləri (2527 hadisə) və cümə axşamları (2518 hadisə) da çox baş verib.
Büronun informasiya sistemi tərəfindən 2013-cü il ərzində çərşənbə axşamları 2474, şənbə günləri 2396 və cümə günləri 2365 sığorta hadisəsi qeydə alınıb.
Ötən il avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ən az sığorta hadisələri bazar günləri (1982 hadisə) baş verib.
İSB-nin məlumatına görə, 2013-cü ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisələri ən çox iyul ayında qeydə alınıb.