Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin - “ASAN xidmət”in yaradılması ölkədə vətəndaş-məmur münasibətlərini yaxşılığa doğru dəyişdirib. Bu barədə Dövlət Agentliyinin sədri İnam Kərimov “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi müsahibədə qeyd edib.
“Hüquqi xidmətlər daha operativ və keyfiyyətli şəkildə göstərilir, əhalinin tələbatı daha yüksək səviyyədə təmin olunur. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsi, dövlət orqanlarına etimad, eləcə də bu sahədə institusional islahatların səmərəliliyi artır”, - deyə sədr bildirib.
Onun sözlərinə görə, bu təcrübənin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən bəyənilıb.
“Təsadüfi deyil ki, nüfuzlu dünya KİV-ləri, eləcə də beynəlxalq təşkilatlar “ASAN xidmət”in qabaqcıl təcrübəsini dövlət xidmətlərinin göstərilməsinin “Azərbaycan modeli” kimi xüsusilə qeyd edirlər”, - deyə İ.Kərimov vurğulayıb.