1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələrin 24-cü ildönümü ilə əlaqədar dünyanın bir çox ölkələrində tədbirlər keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif formatlı tədbirlər keçiriləcək.
Qanlı faciə qurbanlarının xatirəsi ABŞ, Kanada, Latın Amerikası, Avropa və Asiya ölkələri, Avstraliya və Yeni Zelandiyada anılacaq.
Moskva, Sankt-Peterburq, Yekaterinburq şəhərlərində və Rusiya Federasiyasının digər subyektlərində analoji tədbirlər keçiriləcək.
Yanvarın 19-dan başlayaraq azərbaycanlıların kompakt yaşadığı Vaşinqton, Hyuston, Nyu-York, San-Fransisko və digər Amerika şəhərlərində 20 Yanvar hadisəsinə həsr olunmuş tədbirlərə start veriləcək.
Almaniya, Niderland, Belçika, Lüksemburq, Türkiyə, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Misir, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin müxtəlif şəhərlərində anım tədbirləri təşkil olunacaq.
1990-cı ilin yanvar ayında respublikanın SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etməsinə dəstək olaraq keçirilən nümayişlərin güc yolu ilə yatırılması məqsədi ilə Sovet qoşunlarının Azərbaycana yeridilməsi nəticəsində təkcə Bakı şəhərində 130-dan artıq mülki şəxs qətlə yetirilib, 600-dən çox insan yaralanıb. Sovet qoşunları şəhərə çox böyük ziyan vurub. İndiyədək 400-dən çox insanın, o cümlədən qadın, uşaq və qocaların taleyi haqqında məlumat yoxdur.