Beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun adı əbədiləşdirilə bilər. Bu barədə gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı Respublika Şahmat Mərkəzində V.Həşimovla vida mərasimində çıxışı zamanı bildirib.
“Son iki gündə Gənclər və İdman Nazirliyinə V.Həşimovun adının əbədiləşdirilməsi ilə bağlı çoxlu təkliflər daxil olub”,- deyə o qeyd edib.
A.Rəhimovun sözlərinə görə, nazirlik bu məsələni nəzərdən keçirsə də, belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur.
“Təbii ki, bu məsələdə ölkə prezidenti ilə məsləhətləşmək lazımdır. Bu məsələ ilə bağlı onun rəyi çox vacibdir”, - deyən nazir əlavə edib ki, belə yüksək dərəcəli idmançının adının əbədiləşdirilməsi yaxşı olardı.
Nazirliyə daxil olmuş təkliflər barədə danışan A.Rəhimov qeyd edib ki, küçə və idman təşkilatına V.Həşimovun adı verilə bilər.
“Hazırda bu məsələ ilə bağlı hansı qərarın veriləcəyi məlum deyil”,- deyə o qeyd edib.
V.Həşimov yanvarın 11-də Almaniyada müalicə aldığı klinikada ağır xəstəlik nəticəsində vəfat edib.
V.Həşimov 1986-cı ildə Bakıda anadan olub. O, 1995, 1996 və 1998-ci illərdə Azərbaycan çempionu, Avropa Gənclər Çempionatının 4 qat gümüş mükafatçısı olub (1996-2000-ci illər).
V.Həşimov şahmat olimpiadalarında dörd dəfə Azərbaycan komandasının tərkibində çıxış edib (2002, 2004, 2006, 2008-ci illər).
2007-ci ildə o, Avropa çempionatında komanda hesabında bürünc medal qazanıb. 2009-cu ildə şahmatçı komandamıza həlledici xalı qazandıraraq Azərbaycan yığması ilə birgə Avropa çempionu adını qazanıb. O, həmçinin 2011-ci ildə yığmanın tərkibində Avropanın vitse-çempionu və Reggıo Emılıa turnirinin (2010- 2011-ci illər) qalibi olub.
Qrossmeystrin cənazəsi bu gün səhər xüsusi təyyarə ilə Almaniyadan Bakıya gətirilib.
V.Həşimov bu gün saat 15:00-da II Fəxri Xiyabanda dəfn olunacaq.