2013-cü ilin dekabr ayında Azərbaycanda inflyasiya noyabr ayı ilə müqayisədə 1,9% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.
Dekabr ayında ərzaq məhsullarının qiymətləri 2,6%, qeyri-ərzaq mallarının qiymətləri 2,7%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,4% bahalaşıb.
Ay ərzində unun, düyünün, makaronun, mal və qoyun ətinin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, almanın, armudun, heyvanın, narın, bananın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, kartofun, soğanın, sarımsağın, şəkərin qiymətlərində bahalaşma müşahidə olunub.
Dekabrda limonun, portağalın, naringinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma qeydə alınıb.
Hesabat ayında qeyri-ərzaq malları qrupunda geyim və ayaqqabıların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, kitabların, yanacaq və sürtkü materiallarının qiymətləri bahalaşıb.
Eyni zamanda iri alət və avadanlıqların, minik avtomobillərinin, telefon faksimil cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma olub.
Bundan başqa, dekabr ayında beynəlxalq reyslər üzrə dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tariflərində artım olub.