Çərşənbə axşamı xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Senatının nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə senatın Xarici Əlaqələr Komitəsinin sədri senator Qabriela Cuevas Barron rəhbərlik edib.
Görüş əsnasında X.Xələfov Azərbaycanın Latın Amerikası ölkələri və Meksika ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.
Azərbaycan ilə Meksika arasında mövcud siyasi əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu deyən X.Xələfov əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin xüsusi rola malik olduğunu vurğulayıb.
O, Azərbaycan və Meksikanın bir çox beynəlxalq məsələlər üzrə yaxın mövqedən çıxış etdiklərini deyib və Meksikanın qanunverici orqanında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qəbul edilmiş sənədlərin yüksək qiymətləndirildiyini qeyd edib.
Senator Qabriela Cuevas Barron Azərbaycanın çox önəmli ölkə olduğunu qeyd edərək, son on ildə ölkəmizin əldə etdiyi inkişaf göstəricilərinin heyranlıq doğurduğunu bildirib və Azərbaycanın iqtisadi və sosial sahədə əldə etdiyi nailiyyətlərinin və inkişaf təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi, mədəni, turizm, humanitar və xüsusilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılması ətrafında fikir mübadiləsi aparılıb.