Qərbin xüsusi kəşfiyyat xidməti orqanlarının nümayəndələri Suriyada fəaliyyət göstərən ekstremist qruplaşmalarla mübarizə məsələsi ilə bağlı danışıqlar aparmaq üçün dəfələrlə Dəməşqə gəliblər. Bu barədə Suriya xarici işlər nazirinin müavini Feysəl Mikdad BBC teleradio korporasiyasına müsahibəsində deyib.
Son zamanlar Qərbin, xüsusən də Britaniyanın xüsusi kəşfiyyat xidməti əməkdaşlarının Dəməşqə səfər edib-etməməsi ilə bağlı sualı o, belə cavablandırıb: “Mən təfsilatı ilə danışmayacağam, lakin həqiqətən onların bir çoxu Dəməşqə gəlir”.
F.Mikdadın sözlərinə görə, Qərbin təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə prezident Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasında israr edən siyasətçilər arasında fikir ayrılığı mövcuddur.
BBC qeyd edir ki, məlumatlı mənbələr Suriya və Qərbin xüsusi kəşfiyyat xidmətlərinin nümayəndələri arasında danışıqların aparılması faktını təsdiqləyiblər.
Son vaxtlar Suriyada B.Əsədin istefasına nail olmaq isəyən mötədil müxalifətçilər və “Əl-Qaidə” ilə əlaqəli döyüşçülər arasında toqquşmalar güclənib. Ölkənin Aleppo və Rəkka əyalətlərində daha qanlı toqquşmalar baş verir.