Azərbaycanın üç bankı “Zolotaya korona” pul köçürmələri sisteminə qoşulub.
“Zolotaya korona” pul köçürmələri sisteminin məlumatında bildirilir ki, “Gunay Bank”, “Azərbaycan Sənaye Bankı” ASC və Pakistan Milli Bankının Bakı filialı sistemə qoşulub.
Banklar Bakı, Gəncə, Sumqayıt, İmişli və Qəbələ şəhərlərində pul köçürmələri üzrə xidmətlər təqdim edirlər.
Xəbər verildiyi kimi, Azərbaycanın 13 aparıcı bankı 2014-cü il yanvarın 15-dən “Zolotaya korona” pul köçürmələri sistemi üzrə xidmətlərin göstərilməsini dayandırıb. Bu qərar əməliyyatların aşağı gəlirliliyi ilə əlaqədar qəbul edilib. “XalqBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Bank Standard”, “Bank Technique”, “Bank Respublika”, “Unibank”, “DəmirBank”, “MuganBank”, “Bank of Baku”, “АtaBank”, “АccessBank” və “Bank of Azerbaijan” “Zolotaya korona” ilə əməkdaşlığı dayandırıb.
"Gunay Bank” ASC 1992-ci ildə fəaliyyət göstərmək üçün lisenziya alıb.
"Azərbaycan Sənaye Bankı" ASC 1996-cı ildə türk kapitalının iştirakı ilə “CIBank” birgə investisiya bankı kimi yaradılıb.
“Zolotaya Korona” Rusiya və MDB ölkələri ərazisində fəaliyyət göstərən ödəniş sistemidir (www.zolotayakorona.ru). Sistemə iki xidmət daxildir: “Zolotaya Korona – Bank kartı” (onun iştirakçıları bank kartlarının emissiya və ekvayrinqini həyata keçirirlər) və “Zolotaya Korona – Pul köçürmələri” (bank hesabı açmadan pul vəsaitlərinin köçürülməsi üzrə xidmətlər göstərir).