2013-cü ildə Milli Depozit Mərkəzi (MDM) nominal dəyəri 808 mln. 88,875 min manat olan səhmin əlavə emissiyası üzrə əqdlər qeydiyyata alıb, bu isə 2012-ci ilin göstəricisindən 1,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MDM-dən məlumat verilib.
Mərkəzin məlumatına görə, 2013-cü ildə MDM-də səhmlərin əlavə emissiyası üzrə emitentlərin 453 əqdi qeydiyyata alınıb. Dekabr ayında isə MDM 123 mln. 414,765 min manat məbləğində 65 əqd qeydiyyata alıb.
Hesabat ilində MDM qiymətli kağızların emitentləri ilə 47 müqavilə bağlayıb.
Ötən il MDM tərəfindən nominal dəyəri 835 mln. 771,557 min manat olan 3787 birja əqdi, o cümlədən dekabrda 230 mln. 771,834 min manat məbləğində 394 əqd qeydiyyata alınıb.
Bundan başqa, 2013-cü il ərzində MDM nominal dəyəri 183 mln. 265,112 min manat olan qiymətli kağızlarla 457 birjadankənar əqd, o cümlədən dekabrda 4 mln. 54,6921 min manat məbləğində 53 əqd qeydiyyata alıb.
MDM 1997-ci ilin sentyabr ayında yaradılıb. 1999-cu ildə Mərkəz Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansına verilib. Bununla əlaqədar 1999-cu ilin sentyabrında MDM təkrar qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM 1,2 minə yaxın emitentə xidmət göstərir.