NATO Azərbaycanla əməkdaşlığa sadiqdir. Bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen prezident İlham Əliyevlə Brüsseldə keçirilən görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında bəyan edib.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin və Qafqaz regionunda sabitliyin təmin edilməsi baxımından vacib ölkədir”, - deyə A. Rasmussen qeyd edib.
Onun sözlərinə görə, İ.Əliyevin Brüsselə səfəri alyansın respublika ilə əməkdaşlığa verdiyi böyük əhəmiyyətin bariz nümunəsidir. Baş katib bildirib ki, bu il Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakının 20 ili tamam olur və respublika hələ də bu proqramda fəal iştirak edir.
A.Rasmussen alyansın Əfqanıstanda keçirdiyi əməliyyatlarda göstərdiyi köməyə, bu ölkəyə yüklərin tranziti üçün öz hava məkanından istifadə olunmasına yaratdığı imkana, eləcə də Əfqanıstan təhlükəsizlik orqanlarının nümayəndələri üçün treninqlərin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.
NATO rəhbəri deyib ki, enerji təhlükəsizliyi və beynəlxalq terrorçuluğa qarşı mübarizə növbəti dövrdə ikitərəfli əməkdaşlığın ən mühüm vacib istiqamətlərindən biri olacaq.
“Biz bu gün möhkəm və uzunmüddətli əməkdaşlığa dair razılığa gəldik”, - deyə o vurğulayıb.