İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2013-cü ildə “İcbari sığortalar haqqında” qanun çərçivəsində 82 mln. 944 min 228,29 manat məbləğində sığorta haqqı əldə ediblər, bu isə 2012-ci ilin göstəricisindən 1,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, “İcbari sığorta növləri haqqında” qanun sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin sığortası.
Xidmətin məlumatına görə, 2013-cü ildə Büro üzvlərinin sığorta haqları avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 mln. 211 min 426,96 manat (2012-ci ilin göstəricisi ilə müqayisədə azalma 4,3% - İF-Az), fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 13 mln. 276 min 7,57 manat (artım 16,3%) təşkil edib.
Sığortaçılar tərəfindən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daha 372 min 785,76 manat (artım 20,5%), sərnişinlərin icbari sığortası üzrə 84,008 min manat (azalma 29%) sığorta haqqı əldə edilib.
2013-cü ildə Büro üzvləri qanun çərçivəsində 28 mln. 345 min 497,68 manat (2012-ci illə müqayisədə artım 3,4 dəfə - İF-Az) məbləğində ödəniş ediblər. Bu ödənişlərin 26 mln. 899 min 798,5 manatı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (artım 3,7 dəfə), 1 mln. 445 min 699,18 manatı fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası (artım 59%) üzrə həyata keçirilib.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb, hazırda 11 sığorta şirkəti Büronun üzvüdür.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi və bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun təsisçisi və ya üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növə görə ayrıca depozit ödəməlidir.
Büro üzvləri üçün daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat təşkil edir.