2013-cü ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 11 mlrd. 350 mln. manat və ya bütün büdcə gəlirlərinin 58,2%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrasına dair operativ məlumatında qeyd olunur.
Nazirliyin materiallarına əsasən, 2013-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 mlrd. 494,4 mln. manat, xərcləri 19 mlrd. 112,6 mln. manat, profisiti 381,8 mln. manat təşkil edib.
Gəlirlər üzrə proqnoz 101,8%, xərclər üzrə 96,3% icra olunub.
2012-ci illə müqayisədə 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 12,8%, xərcləri 9,7% artıb.
Gəlirlərin strukturunda ARDNF-dən transfertlər 11 mlrd. 340 mln. manat, Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 mlrd. 664 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1 mlrd. 383,2 mln. manat təşkil edib. Qalan məbləğ digər gəlirlərin payına düşüb.
Xərclərin strukturunda cari xərclər 9 mlrd. 688,1 mln. manat və ya 50,7%, əsaslı xərclər 8 mlrd. 696,3 mln. manat və ya 45,5%, dövlət borcunun ödənilməsi xərcləri 728,2 mln. manat və ya 3,8% təşkil edib.
2013-cü ildə sosial xərclərin maliyyələşdirilməsinə 6 mlrd. 239 mln. manat və ya bütün xərclərin 32,6%-i yönəldilib. 2012-ci illə müqayisədə onların həcmi 10,6% artıb.
Azərbaycanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 159 mln. manat, xərcləri 19 mlrd. 850 mln. manat məbləğində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 691 mln. manat və ya ÜDM-in 1,2%-i səviyyəsində proqnozlaşdırılıb.