“Sumqayıt Kimya Sənaye Parkı” MMC 16 mərtəbəli inzibati binanın tikintisi üçün podratçı seçimi üzrə tenderin davam etdirilməsindən imtina edib. Bu barədə MMC-nin elanında qeyd edilir.
Tender 1 oktyabr 2013-cü il tarixində elan olunub.
Tenderin keçirilməsindən imtina edilməsinin səbəbləri açıqlanmır.
2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb. Sənaye Parkının ərazisi 167,66 hektar təşkil edir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.