“Bank VTB” (Azərbaycan) ASC 2013-cü ildə aktivlərini 2,4 dəfə - 207,9 mln. manata qədər artırıb. Bu barədə bankın İdarə Heyətinin sədri Aleksandr Yeryomin bəyan edib.
“Sevindirici haldır ki, “işlək aktivlər” aktivlərin ümumi həcminin təxminən 90%-ni təşkil edir”, - deyə A.Yeryomin cümə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il bankın kredit portfeli 2,6 dəfə - 187,9 mln. manata qədər, korporativ biznes üzrə kredit portfeli 1,7 dəfə, kiçik biznes üzrə 3,3 dəfə, pərakəndə biznes üzrə 2,7 dəfə artıb.
Bankın rəhbəri əlavə edib ki, 2013-cü ilin yekunları üzrə NPL səviyyəsi bankın kredit portfelinin həcminin 1,9%-nə qədər azalıb.
“2013-cü il ərzində bankın məcmu kapitalı üç dəfə artaraq 45 mln. manata çatıb. Kapitalın bu cür artımı banka xüsusilə korporativ kreditləşmə sahəsində müştəri seqmentini əhəmiyyətli dərəcədə genişləndirməyə, o cümlədən 2014-cü ildə bu istiqaməti fəal inkişaf etdirməyə imkan verir”, - deyə A.Yeryomin qeyd edib.
O vurğulayıb ki, 2013-cü ildə bankın müştərilərinin sayı 2,4 dəfə (təxminən 12 min müştəri) artıb.
Bankın rəhbəri bildirib ki, 2013-cü ilin yekunları üzrə “Bank VTB” (Azərbaycan) ASC-nin Milli Mühasibat Uçotu Standartları üzrə xalis mənfəəti 2,2 mln. manat (Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə 4 mln. manat) təşkil edib, baxmayaraq ki, ilkin olaraq 2,8 mln. manat məbləğində zərər planlaşdırılmışdı.
A.Yeryomin əlavə edib ki, 2013-cü ilin yekunları üzrə “Bank VTB” (Azərbaycan) Azərbaycanın maliyyə institutları reytinqində mövqelərini xeyli yaxşılaşdırıb. Bank əsas bank göstəriciləri (kredit portfeli, aktivlər, gəlirlər) üzrə 21-23-cü yerlərdə qərarlaşıb.
Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “Bank VTB” (Azərbaycan) ASC-yə bank fəaliyyəti göstərmək üçün lisenziya verib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99% “AtaHolding” şirkətlər qrupuna, 0,01% fiziki şəxsə aiddir.