Cümə günü Azərbaycan prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatı təqdim olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Yüksək mükafata görə minnətdarlıq edən İ.Əliyev öz fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf etdirməyə çalışacağını bildirib.
Dövlət başçısı ona təqdim olunan pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, saatın isə muzeydə saxlanılacağını deyib.
İ.Əliyev medianın həyatımızdakı vacib rolundan danışıb və Azərbaycanda bütün azadlıqların mövcud olduğunu deyib.
O qeyd edib ki, ANS telekanalı müstəqil jurnalistikanın inkişafına gələcəkdə də töhfə verəcək.
Prezident əmin olduğunu bildirib ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaq.
İ.Əliyev 2013-cü ildə Azərbaycan vətəndaşlarının etimadını qazanaraq ölkə prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərə biləcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq, “Şahdəniz-2”, TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rol, Avropa Birliyinə üzv olan ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunması, Azərbaycanın regionda yürütdüyü ardıcıl və prinsipial siyasət nəticəsində dünya güclərinin İranla bağlı mövqeyinin yumşalmasına zəmin yaratdığına görə "2013-cü ilin adamı" elan edilib.