Sahibkarlığa Kömək Milli Fondu (SKMF) cümə günü müvəkkil kredit təşkilatları vasitəsi ilə sahibkarlara 377 min manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir.
SKMF cümə günü Beyləqan rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
Tədbir çərçivəsində 45 sahibkarlıq subyekti güzəştli kredit alıb.
“Bu layihələrin maliyyələşdirilməsi 60-dan artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib.