Prezident İlham Əliyev cümə günü Əfqanıstanın Bakıdakı səfiri Şaker Kargarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Bakı ilə Kabil arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib və Əfqanıstanın ticarət və sənaye naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sənaye və digər sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.