SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “ARDNŞ-in bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram”ı təsdiq edib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Proqramın icrasının həyata keçirilməsi üçün ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucovun sərdliyi ilə daimi fəaliyyət göstərəcək Komissiya yaradılıb.
Komissiyaya Proqrama qoşulmuş sərbəstləşən işçilərin SOCAR-ın strukturuna daxil olan müəssisələrdə yerləşdirilməsi, bu mümkün olmadıqda isə icraçı qurumla birlikdə onların kənar təşkilatlarda, şirkətin podratçıları, subpodratçıları, eləcə də ARDNŞ ilə müqavilə münasibətlərində olan digər təşkilatlarda yerləşdirilməsi üçün qanunvericiliyə və müvafiq müqavilələrin şərtlərinə uyğun olaraq tədbirlər görülməsi tapşırılıb.
Bundan başqa, bu Proqramın iştirakçısı olan sərbəstləşmiş işçilərə əvvəllər aldıqları orta aylıq əmək haqqının 50%-i həcmində müavinət ödənilməsi nəzərdə tutulur.
Sərbəstləşən işçinin SOCAR-ın daxili normativ sənədlərinə uyğun olaraq müəyyən edilmiş qaydada orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət almaq hüququ da saxlanılır.
“Beləliklə, sərbəstləşən işçiyə seçim imkanı yaradılır: o, orta aylıq əmək haqqının 5 mislinin alınması ilə bağlı müvafiq qaydada müraciət etməkdə, yaxud da bundan imtina edərək SOCAR-ın həyata keçirdiyi yeni Proqrama qoşulmaqda sərbəstlik əldə edir”, - deyə məlumatda qeyd edilir.
“Proqrama əsasən, sərbəstləşən işçinin sosial təminatı ən azı bir il müddətində təmin olunur, bu müddət ərzində ixtisasartırmaya ehtiyacı olan işçilər üçün müəyyən kurslar təşkil edilir.
Proqram çərçivəsində müvafiq dövlət orqanları, işə düzəltmə agentlikləri və digər təşkilatlarla əlaqələr qurulacaq, sərbəstləşən işçilərin yeni iş yerləri ilə təmin olunması üçün zəruri tədbirlər görüləcək.
Xəbər verildiyi kimi, SOCAR-ın prezidentinin əmri ilə 2014-cü il yanvarın 1-dən “Kompleks qazma işləri” trestinin, Neft Kəmərləri İdarəsinin və Geofizika və Geologiya İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar yenidən təşkil olunacaq.
Bu struktur dəyişikliklərinin aparılmasında məqsəd ikipilləli idarəetmə sistemindən birpilləli idarəetmə sisteminə keçməkdir. Dəyişikliklərə əsasən, həmin müəssisələrin strukturu idarəetmə aparatlarından və istehsalat bölmələrindən ibarət olacaq ki, bunun da nəticəsində idarəetmənin çevikliyi və operativliyi artacaq və idarəetmə prosesləri sadələşəcək.