Filippinin cənubunda tüğyan edən “Aqaton” fırtınası ən azı 40 nəfərin həyatına son qoyub. Bu barədə çərşənbə axşamı ölkə hakimiyyəti məlumat verib.
580 mindən çox filippinli öz evlərini tərk etmək məcburiyyətində qalıb. Yerli KİV-lər qeyd edir ki, fırtınanın gətirdiyi leysan nəticəsində bütöv kəndlər su altında qalır.
Sinoptiklər bir həftə əvvəl başlamış leysan yağışlarının nə zaman kəsiləcəyi barədə dəqiq məlumat verə bilmirlər.
Ötən cümə günü bir neçə cənub əyalətində fırtına olacağı barədə xəbərdarlıq edilib.
Hakimiyyət bildirir ki, ötən ilin noyabr ayında baş vermiş və 6 mindən çox nəfərin ölümünə səbəb olmuş “Hayyan” qasırğası nəticəsində evsiz qalmış bir çox filippinli hələ də müvəqqəti düşərgələrdə məskunlaşıb.