İraq hökuməti bu ölkəyə gələn bütün zəvvarların təhlükəsizliyini təmin edir. Bu barədə İraqın Azərbaycandakı səfiri Heydər Şiə Əl-Bərrak çərşənbə axşamı Bakıda mətbuat konfransında bəyan edib.
“Allaha şükür, indiyə qədər azərbaycanlı zəvvarların təhlükəsizliyi ilə bağlı hər hansı problem yaşanmayıb”, - deyə diplomat “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin ölkədə baş verən hadisələr fonunda təhlükəsizliyin təmin edilməsi ilə bağlı sualını cavablandırarkən bildirib.
Azərbaycanla İraq arasında aviareyslərin açılmasına dair sualı cavablandıran səfir söyləyib ki, tərəflər arasında artıq razılıq əldə edilib, yalnız texniki məsələləri həll etmək qalır.
“Bu məsələ artıq həll olunub. Yalnız texniki xarakterli bir məsələ qalır - İraq vətəndaşlarının Bakıya gələrkən Heydər Əliyev adına hava limanında viza alması məsələsi”, - deyə səfir qeyd edib.
O söyləyib ki, aviareyslər həftədə dörd dəfə həyata keçiriləcək və artıq biletlərin qiyməti məlumdur.
Bundan başqa, səfir Bağdadda Bakının diplomatik nümayəndəliyinin açılmasına dair İraq və Azərbaycan arasında aparılan danışıqlara aydınlıq gətirib.
“İraqda Azərbaycan səfirliyinin açılması ilə bağlı danışıqlar uğurla aparılır. Biz hesab edirik ki, səfirlik il ərzində açılacaq. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan tərəfi bu məsələyə böyük əhəmiyyət verir”, - deyə diplomat vurğulayıb.
“Diplomatik nümayəndəliyin əməkdaşlarının sayı və təhlükəsizliyi ilə bağlı açıq qalmış bəzi məsələlər var ki, tərəflər bununla əlaqədar danışıqlar aparırlar”,- deyə o qeyd edib.