Naxçıvan Muxtar Respublikası (MR) dünyanın ən təhlükəsiz regionlarından biridir. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi məlumata görə, bu barədə muxtar respublikanın daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov DİN-in yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə bəyan edib.
“1924-cü ilin yanvar ayında Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılıb”, - deyə Ə.Əhmədov çıxışında bildirib. O qeyd edib ki, göstərilən dövlət qayğısı Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyətində böyük dönüş yaratmağa imkan verib.
“Nazirliyin maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması istiqamətində lazımi tədbirlər həyata keçirilib, nazirlik aparatının inzibati binası da daxil olmaqla bütün ərazi polis orqanlarının inzibati binaları yenidən qurulub, xidməti avtomobillər ən yeni model xarici markalı avtomobillərlə əvəzlənib, 81 polis sahə məntəqəsi tikilib istifadəyə verilib”, - deyə Ə.Əhmədov vurğulayıb. Onun sözlərinə görə, əməkdaşların məişət-sosial problemlərinin həlli də diqqətdə saxlanılır. Nazir qeyd edib ki, Daxili Qoşunların Naxçıvan Alayında xidmət edən zabit ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, beş mərtəbədən, 60 mənzildən ibarət, lazım olan avadanlıqlarla tam təchiz olunmuş yeni yaşayış binası tikilib istifadəyə verilib. Bundan başqa, 45 mənzildən ibarət 5 mərtəbəli yeni yaşayış binası və hərbi qulluqçuların istifadəsində olan iki mərtəbədən, 8 mənzildən ibarət yaşayış binası bir mərtəbə də əlavə olunmaqla əsaslı təmir edilərək yaxın gələcəkdə istifadəyə veriləcək
Bu, bir çox polis ailələrinin yaşayış mənzilləri ilə təmin edilməsinə imkan yaradacaq.
“Hüquq qaydalarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika dünyanın ən təhlükəsiz regionlarından birinə çevrilib”, - deyə nazir bildirib. O vurğulayıb ki, MR-in daxili işlər orqanları bundan sonra bütün qüvvə və vasitələri səfərbər etməklə dövlətçiliyin qorunması, milli təhlükəsizliyin təmin edilməsi andına sadiq qalaraq, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında qazandığı uğurları daha da artıracaq.
Tədbirdə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarına layiq görülmüş polis işçilərinə nişanlar və vəsiqələr təqdim edilib, nazirlik tərəfindən polis orqanlarında səmərəli fəaliyyətlərinə görə polis işçilərindən bir qrupuna vaxtından əvvəl növbəti xüsusi rütbə, fəxri fərmanlar verilib.