Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Lukoil Overseas Shah Deniz Ltd” şirkətinə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” layihəsi çərçivəsində öhdəliklərinin maliyyələşdirilməsi üçün $200 mln. məbləğində kredit ayrılmasına razılıq verib. Bu barədə bankın saytında məlumat verilir.
Kreditin verilməsinə yanvarın 15-də razılıq verilib.
Məlumata görə, “Mərhələ-1”in genişləndirilməsi üzrə ilkin işlərin ümumi dəyəri $2 mlrd. 128 mln., “Lukoil Overseas Shah Deniz Ltd” şirkətinin payı $212,8 mln. təşkil edir.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub.”Mərhələ-1”-in dəyəri $6 mlrd. təşkil edir. 2015-ci ilə qədər “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından qaz hasilatını 9 mlrd.-dan 10,4 mlrd.-a çatdırmaq planlaşdırılır. Layihənin iştirakçıları BP (operator, 28,8%), “Statoil” (15%), SOCAR (10%), LUKOİL (10%), NICO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.