Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinə istirahətə gələn yerli və xarici turistlərin sayı durmadan artmaqdadır.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb.
Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir.
Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir.
Artıq kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə etmək mümkündür. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb.
Ümumiyyətlə bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkan verir. Kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Bütünlükdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir.