Azərbaycan hökuməti respublikanın regionlarında ən azı 50 başlıq südlük, cins iribuynuzlu fermer təsərrüfatlarının yaradılmasını təşviq edəcək. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev rəsmi mətbuatda dərc edilmiş məqaləsində məlumat verib.
“Daxili tələbatın ödənilməsi və ixrac imkanlarının genişləndirilməsi üçün aqrar sektorda yeni mexanizm hazıranıb və onun tətbiqinə başlanılır. Bu mexanizmin əsas mahiyyəti respublikanın regionlarında güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha effektiv istifadə edilməklə 50 başlıq südlük cins iribuynuzlu ailə təsərrüfatlarının təşviq edilməsidir”,- deyə o qeyd edib.
Nazir qeyd edib ki, bu üsuldan istifadə etməklə ailə fermer ailə təsərrüfatlarının yaradılması ət və süd istehsalının həcminin və keyfiyyətinin artmasında, kiçik sahibkarlığın daha sürətli inkişafında əhəmiyyətli olacaq.
Ş.Mustafayev onu da deyib ki, 2013-cü ildə Azərbaycan iqtisadiyyatına ümumilikdə $28 mlrd. investisiya qoyulub ki, bunun da $17,5 mlrd.-ı daxili investisiyaların payına düşür. “Ümumilikdə 2013-cü ildə bütün mənbələrdən əas kapitala yönəldimiş investisiyalar 15,1%, o cümlədən qeyri-neft sektorunda 5,6% artıb”,- deyə nazir qeyd edib.