2013-cü ildə Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarların kreditləşməsinin əsas istiqaməti kənd təsərrüfatı sektoru olub. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
“2013-cü ildə Azərbaycanda SKMF tərəfindən 4468 sahibkara ümumilikdə 275 mln. manat kredit verilib. Bu layihələrin maliyyələşdirilməsi 12 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək. Bununla yanaşı, kredit vəsaitlərinin 68,8%-i aqrar sahədə, 31,2%-i sənaye sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldilib”, - deyə qeyd edib.
Nazir vurğulayıb ki, ötən il verilmiş kreditlərin 72,1%-i Azərbaycanın regionlarında, 27,9%-i Bakı qəsəbələrində layihələrin maliyyələşdirilməsinə yönəldilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib.