Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2013-cü ildə 308 sahibkarlıq subyektində məhsulların istehsalı və satışını qadağan edib. Bu barədə SMPDK-nın 2013-cü il üzrə görülən işlərə dair hesabatında məlumat verilir.
Sahibkarlıq subyektlərində aparılmış yoxlamalar zamanı 1279 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, 1968 subyekdtin fəaliyyətindəki nöqsanlara görə normativ akt tərtib edilib.
Hesabat ilində komitənin əməkdaşları tərəfindən respublika ərazisində fəaliyyət göstərən 23 uşaq bağçasında adıçəkilən standartın tələblərinin icrası ilə bağlı dövlət nəzarəti həyata keçirilib, araşdırmalar zamanı bağçaların bir çoxunda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə əməl olunmadığı aşkar edilib.
2013-cü il ərzində 48 dönər istehsalı və satışı ilə məşğul olan iaşə obyektində, 111 şadlıq sarayı və 212 ictimai iaşə xidməti göstərən təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb və bu müəssisələrin əksəriyyətində standartların tələblərinin pozulduğu aşkar edilib, nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb.
Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən ötən il mal, məhsul və xidmətlərə 8250 adda uyğunluq sertifikatı verilib. Sertifkatlar barədə məlumatlar Dövlət Reyestrinə daxil edilib.
Ötən il ixtiralara dair 75 patent verilib, onlardan 71-i milli, 4-i isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 7 patent qeydiyyata alınıb ki, onlardan da 4-ü milli, 3-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Sənaye nümunələrinə dair 17 patent verilib, onlardan 3-ü milli, 14-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
2013-cü ildə 386 ədəd yeni ölçmə vasitəsinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının ölçmə vastələrinin Dövlət Reyestrinə daxil edilib.
2013-cü il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 12 sertifikatlaşdırma orqanının fəaliyyəti razılaşdırılıb, 71 laboratoriya qeydiyyata alınıb.
Hesabat ilində komitə İKT, ekologiya, turizm, nəqliyyat, tikinti materialları, keyfiyyıtin idarəedilməsi, torpağın, qidanın və s. qiymətləndirilməsi üzrə 62 standartı təsdiq edib.