Asiya İnkişaf Bankə (AİB) 2014-2016-cı illərdə Azərbaycanda layihələrin maliyyələşdirilməsinə ümumilikdə $610 mln. məbləğində kredit ayırmağı planlaşdırır. Bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin məlumatında qeyd olunur.
AİB 2014-2016-cı illər üçün Azərbaycanda əməliyyatlar üzrə biznes planı təsdiq edib.
Biznes plana əsasən, bank 3 illik dövrdə Azərbaycanda alternativ enerji və məişət tullantılarının idarə edilməsi üzrə layihələr hesabına ekologiyanın yaxşılaşdırılması, nəqliyyat, su təchizatı və kanalizasiya sahələrində layihələrin reallaşdırılması üçün kredit ayırmağı planlaşdırır.
Bundan başqa, 2014-2016-cı illərdə AİB Azərbaycanda layihələr üzrə $5,5 mln. məbləğində texniki yardım ayırmağı nəzərdə tutur.
“Biz təsdiq edilmiş biznes planın səmərəli şəkildə həyata keçiriləcəyinə ümid edirik”, - deyə məlumatda AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərindən sitat gətirilir.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana energetika, nəqliyyat, kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı, özəl sektorun inkişafı sahələrində layihələr üzrə $1,4 mlrd.-dan artıq məbləğdə kredit ayırıb. Hazırda Azərbaycanda layihələr üzrə aktiv kredit portfeli $1,2 mlrd. təşkil edir.