Bazar ertəsi Ermənistan tərəfinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yanvarın 27-də saat 12.30-da erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar. Nəticədə Silahlı Qüvvələrimizin zabiti, leytenant Səbuhi Əzizov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə leytenant S.Əzizov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" üçüncü dərəcəli medalı ilə təltif edilib.