Norveçin “Statoil” şirkəti neft dağılmalarının idarəolunması sahəsində böyük təcrübəyə malikdir və biliklərini azərbaycanlı tərəfdaşlarla bölüşməyə hazırdır. Bu barədə “Statoil Azerbaijan” şirkətinin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə meneceri Şapur Sotodemaneş bəyan edib.
“Xəzər dənizi hövzəsində müxtəlif ölkələr tərəfindən həyata keçirilən neft və qaz layihələri dəniz mühitində neft dağılmalarına cavab üzrə səmərəli sistemə ehtiyacı ortaya çıxarır. Biz inanırıq ki, bu seminar Azərbaycanın Neft Dağılmalarına Qarşı Cavab üzrə Dövlət Planına öz müsbət töhfəsini verəcək”, - deyə o, çərşənbə axşamı Bakıda Fövqəladə Hallar Nazirliyi ilə birgə keçirilən neft dağılmalarının qarşısının alınmasına həsr olunmuş seminarda vurğulayıb.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev qeyd edib ki, neft dağılmalarının qarşısının alınması FHN qarşısında duran əsas vəzifələrdən biridir.
“Bizim Xəzər Hövzə Qəza Xilasetmə Xidməti yaxşı bazaya malikdir və dənizdə və ya quruda istənilən neft dağılmasının qarşısını almağa qadirdir. Azərbaycanda neft-qaz əməliyyatları həyata keçirən xarici şirkətlərlə bu sahədə əməkdaşlığa dair müqavilələrimiz var. “Statoil” bu sahədə böyük təcrübəyə malikdir və onun təcrübə mübadiləsinə hazır olması gələcək fəaliyyətimizə töhfə verəcək”, - deyə E.Mirzəyev vurğulayıb.