Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə məktəb məzunlarının hazırlığının aşağı səviyyədə olduğunu qeyd edir.
“Azərbaycan məktəbinin orta statistik məzunu qəbul imtahanlarında test tapşırıqlarının bütün məktəb proqramını əhatə etməsini nəzərə almaqla tədris proqramının 50-75%-ni mənimsəmir”, - deyə M.Abbaszadə çərşənbə axşamı “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında bildirib.
Onun sözlərinə görə, bu, respublikanın ümumtəhsil müəssisələrində məşgələlərin lazımi səviyyədə keçirilməməsinin nəticəsidir.
Bununla əlaqədar M.Abbaszadə müəllimlərin hazırlığının aşağı səviyyədə olduğunu qeyd edib. “Buna əsaslanaraq ali məktəblərdə pedaqoji kadrların hazırlığına xüsusi diqqət yetirmək, tələbləri artırmaq lazımdır”, - deyə o söyləyib.
TQDK sədri deyib ki, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər arasında ən populyar ali məktəb Azərbaycan Tibb Universitetidir. 2013-2014-cü tədris ilində 385 nəfər Azərbaycan Tibb Universitetinə, 261 nəfər Bakı Dövlət Universitetinə, 197 nəfər Qafqaz Universitetinə, 191 nəfər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfər Bakı Ali Neft Məktəbinə, 121 nəfər Azərbaycan Dillər Universitetinə, 70 nəfər Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfər İnformasiya Texnologiyaları Universitetinə, 50 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 47 nəfər Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub.
“Bu tədris ilində qəbul imtahanlarında 96,720 min abituriyent iştirak edib. Onlardan 1,617 min nəfəri mümkün 700 baldan 600-dən yuxarı, 43%-ə yaxın abituriyent 0-100 bal toplayıb”, - deyə M.Abbaszadə bəyan edib.