Azərbaycanda vicdan azadlığı sahəsində əlverişli mühit ölkə üçün qeyri-ənənəvi dini cərəyanların meydana gəlməsinə imkan yaradır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bəyan edib.
“Azərbaycanda qeyri-ənənəvi dini cərəyanların meydana gəlməsi vicdan azadlığı sahəsində əlverişli mühitdən sui-istifadənin nəticəsidir. Bu cür vəziyyət ölkənin beynəlxalq nüfuzunun zəifləməsində maraqlı olan xarici qüvvələr tərəfindən dəstəklənir. Azərbaycanın güclənməsini heç cür qəbul edə bilməyən və buna hər vəchlə mane olmağa çalışan Ermənistan bunda xüsusilə maraqlıdır”, - deyə o, çərşənbə axşamı Azərbaycan vətəndaşlarının xaricdə silahlı münaqişələrdə iştirakı ilə bağlı fətvanın qəbul edilməsinə həsr olunmuş tədbirdə bildirib.
“Bəli, Azərbaycanda vicdan azadlığı var. Sənin kim olduğun mühüm deyil – vəhhabi, sələfi, təkfiri. Əsas odur ki, digər din və konfessiyaların nümayəndələrini təhqir edən və ya alçaldan bəyanat və hərəkətlərə yol verməyəsən. Bu cür hərəkətlərin qarşısı qanunla alınacaq”, - deyə A.Paşazadə qeyd edib.
Şeyx, həmçinin vurğulayıb ki, “biz vətəndaşlarımızın hüquqlarını həm elmi, həm də mənəvi nöqteyi-nəzərindən qorumalıyıq”.
“Biz vətəndaşlarımızı xaricdən qanunsuz gələn nəzəriyyələrin təbliğatı ilə məşğul olan şəxslərdən, xalqa digər ölkələrdə döyüşlərə qatıldığı və şəhid olduğu halda o biri dünyada cənnət vəd edən şəxslərdən qorumalıyıq. Sual edilir, sən kimsən ki, yalnız Tanrının verə biləcəyini insanlara vəd edirsən?”, - deyə şeyx bəyan edib.
“Suriyada pulla döyüşən Azərbaycan vətəndaşlarının ölümü şəhidlik hesab olunmur. Peyğəmbər (s.ə.s) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır”, - deyə o vurğulayıb.
Şeyx bildirib ki, “Azərbaycanda dövlət büdcəsindən maaş alan bəzi məmurların uşaqları müxtəlif dini cərəyanlara qoşularaq haqq yolundan çıxırlar”.