Filippinli hərbçilərin keçirdiyi xüsusi əməliyyat nəticəsində Moro İslam Azadlıq Cəbhəsindən olan 17 üsyançı öldürülüb. Bu barədə çərşənbə axşamı “Əl-Cəzirə” telekanalı məlumat verir.
Dünən başlamış əməliyyat zamanı iki əsgər və bir dinc sakin yaralanıb. Yaralıların həyatları üçün təhlükə yoxdur.
Ötən həftənin sonunda Filippin hökuməti və Moro İslam Azadlıq Cəbhəsinin liderləri sülh sazişinin yekun mətninə dair razılığa gəliblər. Lakin hakimiyyətlə sülh sazişindən narazı olan bəzi Azadlıq Cəbhəsi üzvləri silahlı mübarizəni davam etdirirlər.
Sənədin yaxın vaxtlarda Filippinin paytaxtı Manila şəhərində imzalanması gözlənilir.