“Aqrolizinq” ASC 2013-cü ildə sahibkarlara 37,9 mln. manat dəyərində kənd təsərrüfatı texnikası və avadanlığı satıb. Bu barədə Dövlət Statistika Komitəsinin saytında dərc edilmiş məlumatda qeyd edilir.
“Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, onun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsində, məhsul yığımında itkilərin minimuma endirilməsində istehsalçıların zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması mühüm məsələlərdəndir və bu sahəyə dövlət dəstəyi daim diqqət mərkəzindədir”, - deyə məlumatda bildirilir.
2013-cü ildə “Aqrolizinq” sahibkarlara 2,075 min ədəd kənd təsərrüfatı texnikası, həmçinin 765 ədəd müxtəlif növ traktor, 95 ədəd taxılyığan kombayn, 604 ədəd kotan, 40 ədəd gübrəsəpən maşın verib.
Xəbər verildiyi kimi, “Aqrolizinq” ASC 2005-2012-ci illərdə aqroservis filiallarının tikintisi, cins mal-qara, mineral gübrə və kənd təsərrüfatı texnikasının alınmasına 493,32 mln. manat yönəldib.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.